CƏMİYYƏT


Mətbuat Şurası icazəsiz aksiya zamanı jurnalistlərin peşə fəaliyyəti ilə bağlı monitorinq aparıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Mətbuat Şurası müxalifət nümayəndələrindən ibarət bir qrupun oktyabrın 19-da metronun “28 May” stansiyası yaxınlığında keçirdiyi icazəsiz aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Mətbuat Şurasından AZƏRTAC-a daxil olan məlumata görə, Şuranın və Daxili İşlər Nazirliyinin nümayəndələrindən ibarət birgə monitorinq qrupunun üzvləri həmin ərazidə olublar. Eyni zamanda, jurnalistlər monitorinq qrupu üzvləri ilə telefon əlaqəsi yaratmaq imkanına malik olublar. Ümumən jurnalistlərin aksiyanı işıqlandırmaları üçün şərait yaradılıb. Ancaq aksiya ilə bağlı bir sıra təhlükəsizlik xarakterli məhdudlaşdırıcı tədbirlər, eyni zamanda, media işçilərinə də tətbiq edilib. Bununla əlaqədar monitorinq qrupuna məlumatlar daxil olub.

Jurnalistlərin tam əksəriyyəti aksiya zamanı üzərində “Press” yazılmış gödəkcələrdə olublar. Bununla belə, bir sıra KİV nümayəndələri aksiyaya bu tələbə məhəl qoymadan qatılıblar. Üzərində “Press” yazılmış gödəkcələrdə olan bəzi jurnalistlər isə özlərini aksiya iştirakçısı kimi aparıblar.

Azərbaycan Mətbuat Şurası bir daha bildirir ki, jurnalistlər bütün hallarda sırf peşə fəaliyyətlərini yerinə yetirməlidirlər. Mətbuat Şurası hüquq-mühafizə orqanlarının təmsilçilərini də bir daha üzərində “Press” yazılmış gödəkcələrdə olan media nümayəndələrinə müvafiq şərait yaratmağa, ümumən jurnalistlərə münasibətdə həssas və diqqətli davranışa çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.