ELM VƏ TƏHSİL
“Mətbuat tarixi və publisistika məsələləri” məqalələr toplusu nəşr olunub
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbə “Mətbuat tarixi və publisistika məsələləri” məqalələr toplusunu nəşr etdirib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi bu elm müəssisəsinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtib edəni professor Asif Rüstəmli, rəyçilər isə filologiya elmləri doktorları Vaqif Yusifli və İslam Qəriblidir.
Topluya maraqlı, ciddi məqalələr daxil edilib, aktual problemlərə toxunulub. “Ziya”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həqiqəti-Əfkar”, “Kommunist”, “Ədəbiyyat qəzeti”, “Azərbaycan” və digər qəzet və jurnallarla bağlı aparılan araşdırmalar milli istiqlal prizmasından dəyərləndirdikdə böyük aktuallıq kəsb edir. Nəşr mətbuat tariximizi tədris edənlər və öyrənənlər üçün yeni faktlarla, mötəbər və əhəmiyyətli məlumatlarla zəngindir.