Meteohəssas insanlar hava dəyişkənliyini mütləq nəzərə almalıdırlar
AzerTAg.az

Bakı, 6 fevral, AZƏRTAC
Hava dəyişkənliyi ilə sağlamlığı arasında müəyyən uyğunluq olan insanlar var. Əbəs yerə onları meteohəssas insanlar adlandırmırlar. Onların havaya fərqli reaksiya göstərməsinə səbəb havada təsiredici amillərin olmasıdır. Bu da əsasən atmosfer təzyiqinin dəyişkənliyi, temperaturun kəskin yüksəlməsi, yaxud enməsi zamanı müşahidə olunur. Məsələn, yağıntı artıq olanda ürək və revmatik problemi olanlar narahat olur. Şimal küləkləri əsəndə havada oksigenin artması ilə rahat tənəffüs almaq olur.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Nərgiz Kərimova deyib: “Meteohəssas insanlar, xüsusilə ən çox xroniki xəstəliyi, o cümlədən ürək-damar xəstəliyi və təzyiqi olanlar gündəlik istifadə etdikləri dərmanları mütləq vaxtında qəbul etməlidirlər. Uşaqlara isə valideynlər tərəfindən nəzarət olunması və havaya uyğun geyindirilməsi tövsiyə olunur”.
Hava proqnozlarında bu barədə xəbərdarlıq edilsə də, bəzən ona məhəl qoyulmur. Lakin havaya qarşı belə həssas olanların sayının on minlərlə olduğunu nəzərə alsaq, onda məsələyə ciddi yanaşmağa dəyər. Hava bizə uyğunlaşmasa da, biz ona uyğunlaşmağı bacarmalıyıq. Meteohəssaslıqdan qurtulmaq mümkün olmasa da, verilən tövsiyələrə diqqət yetirmək, həkim məsləhətlərinə əməl etməklə sağlamlığa qovuşmaq olar.
Xəbərin mətnində orfoqrafik səhv var