CƏMİYYƏT
Metroda cibgir tutulub
Bakı, 1 avqust, AZƏRTAC
Bakı şəhər sakini Samir Mustafayev iyulun 29-da Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 28-də saat 15:30 radələrində metronun “Əhmədli” stansiyasında qızı, 14 yaşlı Nəzrinin əl çantasından dəyəri 340 manat olan “Hoffman” markalı mobil telefonu naməlum şəxs tərəfindən oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Elman Əliyev saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
E.Əliyevin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna edilmir. Şəkildə gördüyünüz şəxsin əməllərindən zərərçəkən varsa, bu barədə Metropolitendə Polis Şöbəsinə (012-490-02-42) müraciət edə bilər.