CƏMİYYƏT
Metroda sərnişinin pulqabısını oğurlayan iki nəfər saxlanıb
Bakı, 16 avqust, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 15-də metronun “Nəsimi” stansiyasında Beyləqan rayon sakininin içərisində 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciət daxil olub.
Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilib. Həmin şəxslər Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq Metropolitendə Polis Şöbəsinə gətiriliblər.
Araşdırmalarla onların əvvəllər dəfələrlə məhkum edilən şəxslər - Şəki şəhər sakini Neymət Musayev və Bakı şəhər sakini Şahəddin Pirəliyev olmaları müəyyənləşib. Onların üzərinə baxış zamanı heroin də aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, zərərçəkmiş şəxs qatar hərəkətdə ikən yuxulu olub. N.Musayev yaranmış vəziyyətdən istifadə edərək onun əlində saxladığı, içərisində sənədləri və 288 manatı olan pulqabını soyğunçuluq yolu ilə alıb və tanışı Ş.Pirəliyevə verərək stansiyadan uzaqlaşıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.