İQTİSADİYYAT
Metronun “28 May” stansiyasının giriş hissəsi müvəqqəti olaraq bağlanacaqdır
Bakı, 16 yanvar (AZƏRTAC). Bakı Metropoliteninin “28 May” stansiyasının giriş hissəsi yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq bağlanacaqdır.
Bakı Metropoliteninin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ilkin mərhələdə stansiyanın vestibülünün tamamilə yenilənməsi, ikinci mərhələdə isə eskalatorların dəyişdirilməsi və onların sayının 4-ə çatdırılması nəzərdə tutulmuşdur. Görüləcək işlərlə əlaqədar olaraq stansiyanın əsas girişi bağlanacaq, çıxış isə fəaliyyət göstərəcək və sərnişinlər istifadə edə biləcəklər. Stansiyada görülən işlər dövründə sərnişinlər stansiyanın ikinci girişindən, eləcə də “Cəfər Cabbarlı” stansiyasına keçiddən istifadə edə biləcəklər.
Metronun “28 May” stansiyasının yenidən qurulması Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafı ilə bağlı Dövlət Proqramına uyğun olaraq aparılır.