İQTİSADİYYAT


Metronun “Bənövşəyi xətt”dəki 4-cü stansiyasının ikinci səviyyəsi tikilir

Bakı, 8 aprel, AZƏRTAC

“Bənövşəyi xətt”in növbəti dördüncü stansiyasının tikintisi üzrə 2021-ci ilin yayında başlanan işlər hazırda nəzərdə tutulan plan üzrə davam etdirilir. Şərti adı “B-04” kimi qeyd edilən “Bənövşəyi xətt”in 4-cü yeraltı stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxana arasındakı ərazidə, Cəlil Məmmədquluzadə küçəsində yerləşir.

AZƏRTAC xəbər verir ki, “Bənövşəyi xətt”in 4-cü stansiyasının tikintisində “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi “Qruntda divar” üsulu tətbiq edilir. Ekoloji cəhətdən daha səmərəli, yaşayış sahəsinin xüsusiyyətləri nəzərə alınmaqla seçilən, başqa sözlə məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verən bu üsulun əsas üstünlükləri konstruksiyaların etibarlılığı, sukeçirməzlik qabiliyyətinin yüksəkliyi, prosesin torpaqda dinamik titrəyişlər törətməməsi və maksimal səssiz-küysüz aparılmasındadır. Yeraltı suların kənarlaşdırılması və səviyyəsinin aşağı salınması üçün qurğulara ehtiyac yoxdur. Bütün bunlar Bakının hidrogeoloji şəraitində yeraltı inşaat və daha sonra istismar üçün əsas üstünlüklərdir.

Tikinti işləri qarşı-qarşıya dərin və ensiz xəndəklərin qazılmasından başlanır. Xəndək divarları bentonit məhlulu ilə emal olunmaqla möhkəmlənir, uçqun təhlükəsi aradan qaldırılır. Sonradan bu xəndəklərə dəmir-beton panellərin metal konstruksiyaları yerləşdirilir və xəndəklər beton məhlulu ilə doldurulur. İki divar arasında qalan sahədə qruntçıxarma işləri başlanır ki, bu da əvvəlki üsullarla müqayisədə daha az vaxt aparır və daha ucuz başa gəlir.

“B-04” stansiya kompleksinin ümumi uzunluğu 170, dərinliyi, ərazinin relyefindən asılı olaraq, 29-32 metr olmaqla dörd səviyyədə nəzərdə tutulub.

Ən üst qatda - birinci səviyyədə kassa zalı və vestibül yerləşəcək. Sərnişinlər stansiyaya dörd giriş vasitəsilə qəbul olunacaq. Burada döşəmənin betonlanma işləri başa çatdırılıb.

Gələcəkdə zalın ortasından ikinci səviyyəyə enmək üçün eniş pilləkəni və onun hər iki tərəfində eskalatorlar quraşdıralacaq. Bir tərəfdə bir, digər tərəfdə iki eskalator üçün özül yeri ayrılıb.

İkinci səviyyə keçid funksiyalı olacaq. Buradan platforma və gözləmə zalı səviyyəsinə qədər inşaat işi aparılacaq. Bu səviyyə vasitəsilə həm də Konseptual inkişaf sxeminə uyğun olaraq, gələcəkdə inşası nəzərdə tutulmuş və Binəqədi qəsəbəsi ilə Bibiheybəti birləşdirəcək “Sarı xətt”in “S-06” stansiyasına keçmək mümkün olacaq. İnşaat zamanı bu xüsusiyyətlər və digər xəttin stansiyasına keçid yerinin əvvəlcədən hazırlanması da nəzərdə tutulub.

Qeyd edək ki, hər səviyyənin inşası zamanı, əvvəlcə səviyyədən səviyyəyə enmək üçün qazıntı işləri aparılaraq, torpaq qatı çıxarılır. Daha sonra səviyyənin döşəməsi hamarlanır. Dəmir-beton konstruksiya qurularaq betonlanma işi aparılır. Bu qayda ilə üç zonaya bölünmüş ikinci səviyyənin üçdə iki hissəsi artıq betonlanıb. İşlər yekunlaşdıqdan sonra müvafiq hazırlıq tədbirləri görülərək, növbəti səviyyəyə enmək üçün qazıntıya başlanılacaq. Buradan aşağı, platforma səviyyəsinə pilləkən və eskalatorlarla enmək mümkün olacaq. Hərəkət məhdudiyyətli sərnişinlər “Bənövşəyi xətt”in əvvəlki stansiyalarında olduğu kimi, liftlərdən istifadə edə biləcəklər. Platformanın uzunluğu xəttin bütün stansiyalarında 144 metr olmaqla 7 qatar üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.