CƏMİYYƏT
Meymunçiçəyi infeksiyası ilə əlaqədar vebinar keçirilib
Bakı, 22 iyun, AZƏRTAC
Dünyanın bir çox ölkələrindən meymunçiçəyi infeksiyasının yayılması haqqında məlumatlar gəlir. Avropa ölkələrində qeydə alınan meymunçiçəyi ilə bağlı vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatında ekspertlərin fövqəladə toplantısında xəstəliyin ötürülməsi yolları, eləcə də vaksinlərlə bağlı vəziyyət müzakirə edilib. Qeyd edilib ki, hələlik meymunçiçəyi epidemiyası ehtimalına dair heç bir dəlil yoxdur və hesab olunur ki, virusun insandan insana ötürülməsi onu insan populyasiyasında saxlamaq üçün kifayət etmir. Amma yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mənfi təcrübəni nəzərə alaraq indiki halda gələcək hadisələrə hazır olmaq səhiyyə təşkilatlarının birbaşa vəzifəsidir.
TƏBİB-in Səhiyyə Nazirliyi ilə əməkdaşlığı ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər və mikrobiologiya və epidemiologiya kafedraları birgə vebinar keçirilib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vebinarda ölkəmizin müxtəlif səhiyyə müəssisələrində çalışan terapevt, pediatr, ailə həkimi, infeksionist, dermatoveneroloq və təcili tibbi yardım həkimləri iştirak ediblər.
Vebinarda Səhiyyə Nazirliyinin eksperti, institutun yoluxucu xəstəliklər kafedrasının müdiri dosent Təyyar Eyvazov, mikrobiologiya və epidemiologiya kafedrasının müdiri Nigar Mütəlibova çıxış edərək xəstəliyin yayılma yolları, diaqnostikası və müalicəsi haqqında geniş məlumat veriblər.