CƏMİYYƏT
Meyvə ağaclarının bakterial yanığının risk təhlili həyata keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Meyvə ağaclarının bakterial yanığı xəstəliyinin yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən risk təhlilləri həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu xəstəlik Azərbaycanda ilk dəfə 2019-cu ilin may ayında Zaqatala-Balakən bölgəsindən alma və armud ağacı nümunələrində aşkar olunub. Xəstəliyə gülçiçəklilər fəsiləsinə aid olan 37 cins və 128 növə məxsus meyvə bitkisində rast gəlinir. Ən tipik əlaməti infeksiyalı bitkinin oddan yanmış bir görünüş almasıdır. Xəstəlik həssas bitkilərdə o qədər sürətlə yayılır ki, sirayətlənmə anında aparılan mübarizə tədbirləri belə bitkini xilas edə bilmir və bitki qısa müddətdə məhv olur. Ona görə də davamlı sortlardan, sertifikatlı ting və calaqlardan istifadə edilməlidir. Sirayətlənmiş sahələrdə sahib bitkilərdən çilik, qələm, anac kimi çoxalma materialları götürülməməlidir. Xəstə budaqlar quru hava şəraitində yoluxmuş hissədən ən az 30-40 santimetr altdan kəsilərək bağdan çıxarılmalı və yandırılmalıdır.
Meyvə ağaclarının bakterial yanığı xəstəliyi EPPO (Avropa və Aralıq dənizi Təşkilatı) bölgəsi üçün əsas təhlükə mənbələrindən biridir. Bu xəstəlik alma, armud və digər meyvə bitkilərinin tinglərinin ticarəti üçün fitosanitar risk yaradır. Xəstəlik aşkar olunmuş ölkələr daxil olmaqla, bir çox ölkələrdə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə ciddi karantin tədbirləri həyata keçirilir. Bir ölkə üçün meyvə ağaclarının bakterial yanığı xəstəliyinin aşkar edilməsi həmin ölkədə ting istehsalı və ixracı üçün maneə hesab olunur.