REGİONLAR
Meyvə bağlarında dəyişik ipəksarıyan kəpənəyinin tırtılları aşkar olunub
Bakı, 30 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilən monitorinq nəticəsində 15 hektar fındıq və 10 hektar qarışıq meyvə bağlarında dəyişik ipəksarıyan kəpənəyinin (Lymantria dispar) tırtılları aşkar olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, mütəxəssislərin tövsiyələri əsasında fermerlər tərəfindən zərərvericiyə qarşı Mosetam (150 q/ha) insektisidi ilə kimyəvi mübarizə aparılıb. Tətbiq edilən preparat zərərvericiyə qarşı yüksək bioloji səmərəlilik göstərib.
Qeyd edək ki, bu zərərverici geniş polifaq növ olmaqla dağətəyi rayonlarda yayılıb, bütün meyvə ağaclarını və bir çox enliyarpaqlı meşə ağaclarını – palıdı, qovağı, söyüdü, göyrüşü, toz ağacını, fıstığı, vələsi, cökəni və s. zədələyə bilir.