REGİONLAR
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriyası sentyabrda istifadəyə veriləcək VİDEO
Quba, 9 iyul, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonundakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binasında əsaslı təmir işləri yekunlaşıb. Binanın sentyabrda istifadəyə verilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, əsaslı təmir olunan bina Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müasir tələblərə cavab verən cihaz və avadanlıqla tam təmin olunub. İnstitutda yeni biotexnologiya laboratoriyasının quraşdırılması işləri də yekunlaşıb. Bu laboratoriyadakı iqlim otağında müxtəlif bitkilərdən alınan toxumların bəslənməsi həyata keçiriləcək.
İlkin mərhələdə institutun əsas korpusu, iş otaqları və laboratoriyalar təmir olunub. Hazırda yeni yaradılan laboratoriyalarda müasir avadanlıq quraşdırılır.
Yenidənqurma işləri çərçivəsində institutun balansında mikroklonal üsulla calaqaltıların yetişdirilməsi texnologiyasının tətbiq ediləcəyi istixana da tikilir.
İnstitut direktorunun müavini Vahid Əliyev bildirir ki, bu üsulla calaqaltıların yetişdirilməsi ölkəmizdə superintensiv bağçılıqda istifadə olunan tinglərə olan tələbatı ödəməyə imkan verəcək. Hazırda isə bu tinglər xarici ölkələrdən idxal edilir. Müasir üsullarla tingçiliyin inkişafı bağçılıqla məşğul olan yerli fermer və sahibkarların xərclərini azaltmaqla onlara əlavə vəsait qazandıracaq.
İnstitutun nəzdində yaradılan yeni aqrokimya və analizlər laboratoriyasında torpaq, bitki, gübrə və su nümunələrinin müayinəsi aparılacaq.
Laboratoriyanın müdiri Faiq Əliyev bildirir ki, fermerlərə əkib-becərdikləri torpaqda hansı maddələrinin çatışmadığı barədə 3-7 gün ərzində dəqiq məlumat veriləcək. Laboratoriya ən müasir avadanlıqla təchiz olunub.
İnstitutun inzibati laboratoriya binası ilə yanaşı, digər korpusu və yardımçı tikililər də əsaslı təmir olunur. Ətraf ərazi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Quba rayonunun Zərdabi qəsəbəsində 1965-ci ildən fəaliyyət göstərir.