REGİONLAR
Meyvəsi 2-3 aya yetişir, ağacı isə 150 il bar verir - Qazaxda zoğal yığımı davam edir FOTO VİDEO
Qazax, 3 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Yüksək hərarətə və sərt şaxtalara dözümlü bitkilərdən biri də zoğal ağacıdır. Zoğal ağacı zəngin və rütubətli torpaqlarda 6, qidalılığı və nəmliyi az olan yamaclarda 1,5-2 metrədək boy atıb hər il məhsul verən bitkidir. Hazırda bu bitkinin yetişdiyi rayonlarımızdan olan Qazaxda zoğal yığımı davam edir.
AZƏRTAC xəbər verir ki, zoğal yetişdikcə turşuluğu azalır, şəkərliliyi artır. Ona görə də, bağ sahibləri zoğalı bir az kal formada yığırlar. Həmçinin tam yetişmiş formada yığılarsa, istehlakçıya çatana kimi xarab ola bilər.
Zoğal susevər bitkidir. Ona vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilməlidir ki, yaxşı məhsul versin. Bu il isə məhsuldarlıq ötən ilkindən nisbətən aşağıdır. Bu isə əsasən təbii amillərlə, iqlimin quraq keçməsi ilə əlaqədardır.
Ümumiyyətlə, zoğal çox gec - 2-3 aya yetişən giləmeyvədir. 150 ilə qədər yaşayaraq meyvə verə bildiyi üçün uzunömürlü ağaclardan sayılır.
Məhsuldarlığı fərdi becərmədən asılı olaraq dəyişir. Bir ağacdan bəzi bağ sahibləri 100 kiloqramadək məhsul əldə edə bilir. Tələbat yaxşı olduğundan zoğal çox vaxt elə yerində, bazarlara getmədən satılır.
Bağ sahibləri meyvənin əsasən “cürdək boğaz” adlanan növünə üstünlük verirlər. Təsərrüfat sahibi Azər Nəsibov deyir ki, məhsulu yığdıqdan sonra satışını elə həyətdə həyata keçirirlər. Bu ağacın suyu normal veriləndə yaxşı məhsul əldə etmək olur. Bu sahə gəlirli sahə olsa da, qiymət aşağıdır”, - deyə A.Nəsibov vurğulayır.
Zoğalın yetkin meyvəsinin tərkibində 20-25 faizədək şəkər (qlükoza, fruktoza, saxaroza), 8-9 faiz aşı maddəsi, 10-11 faiz üzvi turşular (limon, alma, kəhrəba), karotin, C və B vitaminləri, boyayıcı maddələr var.
Soyuqdəymənin dərmanı sayılan zoğalın ləti insan orqanizmi üçün çox xeyirlidir. İmmun sistemini gücləndirən zoğal, dərini də gözəlləşdiririr.
Xalq təbabətində təzə dərilmiş meyvələrindən alınan şirə şəkərli diabetdə ürək yanğısının qarşısını alan sərinləşdirici vasitə kimi bilinməkdədir. Tumunun qovurulub toz halına salınması ishalın və dizenteriyanın ən kəskin dərmanıdır. Malyariya kimi qızdırma xəstəliyini vaxtilə qurudulmuş zoğalın dəmləməsi ilə müalicə edərmişlər. Yarpaqları və çiçəkləri də eyni təsirə malikdir. Zoğal meyvəsindən tumu çıxarılmaqla lavaşa, kompot, mürəbbə, povidlo, püre, marmelad, kisel, dondurma, turşu və şirə hazırlanır.