SİYASƏT
Məzahir Əfəndiyev: Azərbaycan tarixində taleyüklü məsələlərin həllində ulu öndər Heydər Əliyevin xüsusi rolu var
Bakı, 1 oktyabr, AZƏRTAC
Tarix sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu var. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi.
Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan ulu öndər Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olaraq tariximizin səhifələrinə öz adını yazdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
Deputat bildirib ki, Ümummilli Liderin andiçmə mərasimində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” sözləri öz təsdiqini əməli işdə tapıb.
“Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlayıb. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olub. O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir və innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə, beynəlxalq müqavilələrin imzalanmasına nail olub, eyni zamanda, sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoyub.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə ölkəmizin gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Onun gənc nəslə olan diqqət və qayğısı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Təsadüfi deyil ki, Gənclər Günü bütün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd olunmağa başlanıb”, - deyə o qeyd edib.
M.Əfəndiyev vurğulayıb ki, Ulu Öndərin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi xidmətlər misilsizdir. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi məhz Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib. Bu gün xalqımız əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Əldə edilən uğurların icraçısı isə Ulu Öndərimizin layiqli siyasi varisi Prezidentimiz İlham Əliyevdir.
1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırıb. İkinci Qarabağ-Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir.
“Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili – “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edəcək. Ulu Öndərin Azərbaycan qarşısında xidmətləri haqqında günlərlə danışmaq, cildlərlə kitablar yazmaq olar. Bunlar artıq müxtəlif görkəmli şəxslər tərəfindən edilir və bundan sonra da daim ediləcək. Çünki ulu öndər Heydər Əliyev bir dünyaşöhrətli azərbaycanlı, dövlət xadimi və lider kimi adını dünya tarixinə yazıb.
Azərbaycan xalqının Heydər Əliyevə olan məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq”, - deyə Məzahir Əfəndiyev fikirlərini yekunlaşdırıb.