CƏMİYYƏT


“Məzun evi”nin gəncləri üçün növbəti peşə hazırlığı kursu təşkil edilib

Bakı, 14 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin sakinlərinin əmək bazarına çıxış imkanlarının artırılması məqsədilə növbəti peşə hazırlığı kursu təşkil edilib. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən xalçaçılıq peşəsi üzrə təşkil edilən kursa “Məzun evi”ndən 23 gənc cəlb olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təcrübəli müəllimlər tərəfindən aparılan iki aylıq kursun yekununda gənclər peşə hazırlığı zamanı yiyələndikləri bilik və bacarıqları nümayiş etdirmək üçün kurs işi olaraq hazırladıqları əl işlərini təqdim edəcəklər. Kursu uğurla başa vuran gənclərə peşə sertifikatları veriləcək və gələcəkdə onlar həmin peşə üzrə çalışacaqlar.

“Məzun evi”ndə yaşayan gənclərin əksər hissəsi müəssisədəki ştat vahidlərində və ətraf ərazidəki müəssisələrdə daimi işlə təmin ediliblər. Sakinlərdən bir qismi isə özünüməşğulluq proqramına cəlb olunub. Onlara şirniyyat və un məmulatlarının istehsalı üzrə öz kiçik ailə təsərrüfatlarını qurmaq üçün proqram çərçivəsində mal və materiallar veriləcək.

İki yaşayış binasından ibarət müəssisədə valideyn himayəsindən məhrum və dövlət uşaq müəssisələrinin məzunu olan 243 gənc mənzillə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.