ELM VƏ TƏHSİL
Məzunlar otuz ildən sonra yenidən doğma məktəbdə
Bakı, 5 iyul, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 36 nömrəli tam orta məktəbdə “Məzun günü” keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəbi 1988-ci ildə bitirən məzunların iştirakı ilə təşkil olunan görüşdə məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Əvvəlcə qonaqlar məktəbin məzunu olmuş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil qoyublar.
Tədbirin keçirilməsinin əsas məqsədi məzunlarla əlaqələri genişləndirmək, bu şəxslərin nümunəsində şagirdləri gələcək uğurlara ruhlandırmaq, onların təhsilə, məktəbə maraqlarını daha da artırmaq və məktəbin ictimai həyatında daha fəal iştirakını təmin etməkdir.
Məktəbin direktoru Emilya Səfərəliyeva təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. O, məktəbi otuz il əvvəl bitirənlər arasında Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verən şəxslərin olduğunu bildirib.
Sonra bu təhsil ocağını otuz il əvvəl bitirən məzunların arxiv şəkillərindən ibarət videoçarx nümayiş olunub. Məzunlar məktəblə bağlı xatirələrini bölüşüblər.
Çıxış edən müəllimlər məzunların məktəblə daim əlaqə saxlamalarını yüksək dəyərləndiriblər.
Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.