ELM VƏ TƏHSİL
“Məzunlarla uğura doğru” layihəsində xüsusi fəallıq göstərən tələbələrə sertifikatlar verilib
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən “Məzunlarla uğura doğru” layihəsinə yekun vurulub.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, noyabrın ortalarınadək davam edən silsilə tədbirin əsas iştirakçıları ATMU-nun tələbələri olub. Layihədə karyeralarında uğurlu mövqe tutan məzunlarla tələbələrin görüşü, peşəkar vərdiş və təcrübə potensialından yararlanmaq imkanları, universitet-məzun əlaqələrinin daha da möhkəmləndirilməsi və digər məsələlər əksini tapıb.
“Məzunlarla uğura doğru” layihəsinin icrası günlərində ATMU-nun məzunları Ülkər Fətəliyeva, Kamran Daşdəmirov, İlkin Əhmədov, Həvva Səfərova, Ceyhun Nəsibbəylinin tələbəlik illərində bilik bazasının səmərəli formalaşması, uğurlu karyeranın sirləri, operativ və məqsədyönlü iş səriştəsi və strategiyası məsələləri barədə fikirlərini bölüşüblər.
ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, şöbənin mütəxəssisi Lalə Qafarova və 200-dən çox tələbənin qatıldığı “Məzunlarla uğura doğru” layihəsində xüsusi fəallıq göstərən tələbələrə sertifikatlar verilib.