İQTİSADİYYAT
“Microsoft Azerbaijan” “Bakutel-2017” sərgisində “Made in Azerbaijan” əqli mülkiyyət məhsullarını təqdim edib
Bakı, 8 dekabr, AZƏRTAC
“Bakutel-2017” sərgisində iştirak edən “Microsoft” korporasiyası bir sıra innovativ texnologiyalar, həmçinin “Microsoft” texnologiyaları üzərində qurulmuş “Made in Azerbaijan” əqli mülkiyyət məhsullarını nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, stenddə, həmçinin “Microsoft” şirkətinin platformasında hazırlanan yerli tətbiqlər təqdim olunub. Eyni zamanda, sərgi iştirakçılarının böyük marağına səbəb “playmusic.az” haqqında ətraflı məlumat verilib. Bildirilib ki, tətbiq Azərbaycanda ilk leqal musiqi kontentini cəmləyən portaldır.
“Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf prioritetlərindən biri də IT sahəsidir. Məhz bunu əsas götürərək, şirkətimiz yerli IT startaplara dəstək verir.
“Microsoft Azerbaijan” şirkətinin dörd zonadan ibarət stendində ayrılıqda səhiyyə, təhsil və innovasiya sahələrində olan məhsullar və “Made in Azerbaijan” əqli mülkiyyət məhsulları nümayiş olunub. Stendin “Made for Azerbaijan” bölməsində isə Azərbaycanın innovasiya potensialını artıracaq layihələr təqdim olunub.
Qeyd edək ki, “Microsoft” korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. “Microsoft Azerbaijan”ın əsas məramı Azərbaycanın tam potensialının həyata keçirilməsinə dəstək göstərməkdir. Təmsilçiliyin məqsədi “Microsoft” korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir.