ELM VƏ TƏHSİL
Migel Angel Hildman: Azərbaycanın multikulturalizm təcrübəsini digər dövlətlər də öyrənməlidir
Paris, 14 iyun, AZƏRTAC
Gənclərə önəm verilməsi çox vacibdir. Azərbaycanın gənc istedadlarını tanıdıq. Onların perfomansını alqışlayıram, gözəl konsert oldu. Azərbaycanın Dövlət himninin möhtəşəm ifasını çox sevdim.
Bu fikri Parisdə UNESKO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirinə qoşulmuş Argentinanın UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri Migel Angel Hildman AZƏRTAC-a müsahibəsində söyləyib. Bildirib ki, Bakı Dövlət Universiteti haqqında nümayiş olunan film bu təhsil ocağının tarixi və nailiyyətlərinə dair ətraflı məlumatı əhatə edir.
“İyirmi ildir UNESKO-da çalışıram. Bu tədbir çox möhtəşəm oldu. Etiraf edim ki, biz tədbirin yüksək səviyyədə təşkilini gözləyirdik. Çünki UNESKO yanında daimi nümayəndəliyinizin yüksək təşkilatçılığının şahidiyik.
Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinə, onun rəhbəri Anar Kərimova təşəkkür edirik. Nümayəndəliyinizin mədəniyyətinizi bölüşməsini yüksək qiymətləndiririk”, - deyə M.A.Hildman bildirib.
Müsahibimiz qeyd edib ki, Azərbaycan multikultural ölkədir, onun bu sahədə təcrübəsini digər dövlətlər də öyrənməlidir. Belə mədəniyyət tədbirləri ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır. Beynəlxalq təşkilatlar nəzdində tarix, mədəniyyət haqqında məlumatların paylaşılması çox vacib amildir. Təşkilatda Azərbaycanın təcrübəsindən digər ölkələr də bəhrələnir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris