SİYASƏT


Migel Angel Moratinos: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi millətlər və mədəniyyətlər arasında körpülərin salınmasına xidmət edir

Bakı, 18 iyun, AZƏRTAC

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı Forumunun iştirakçılarına videomüraciət ünvanlayıb.

AZƏRTAC videomüraciəti təqdim edir:

“Zati-aliləri.

Dəyərli qonaqlar, xanımlar və cənablar.

Bu Foruma qoşulmaq mənim üçün böyük məmnuniyyətdir. Səmimiyyətlə deyirəm ki, bu Forumda şəxsən iştirak etmək və ən sevdiyim şəhərlərdən biri olan Bakını yenidən ziyarət etmək istərdim.

Biz İkinci Dünya müharibəsindən bəri ən çətin siyasi böhranla üz-üzəyik. Ukraynada müharibə artıq dörd aydır davam edir. Müharibə davam etdiyinə görə biz hələ onun tam təsirini, miqyasını hiss edə bilmirik. Ukraynadakı vəziyyət bu ölkənin, həmçinin qonşu ölkələrin vətəndaşları, eləcə də Ukraynanı tərk edən insanlar üçün çox çətindir. Bir çoxları qonşu ölkələrə qaçmağa məcbur olub ki, bunun da regional və qlobal sülh və təhlükəsizlik üçün ağır nəticələri olacaq, xüsusilə dünyanın pandemiyadan qurtulmağa çalışdığı dövrdə. Bu müharibə artıq 50 milyona yaxın insanı öz evlərindən ayrı salıb. Bu isə İkinci Dünya müharibəsindən sonra ən sürətli yerdəyişmədir. Müharibə Ukraynanın sərhədlərindən kənarda da qlobal iqtisadiyyata ciddi maliyyə zərbələri vurub. Bütün dünyada insanlar ərzaq, enerji və digər gündəlik tələbat mallarının qiymətlərinin kəskin artmasından əziyyət çəkirlər, xüsusilə də inkişaf edən ölkələrdə. Bu müharibə geosiyasi qeyri-müəyyənliklərə səbəb olacaqdır.

Əziz dostlar, bu dəhşətli vəziyyət təcili addımların atılmasını tələb edir. Şiddətin artdığı dövrdə biz məntiqimizin səsini dinləyib silahların səsini susdurmalıyıq. Anlaşıqlı dialoq və səmərəli danışıqlara keçməyin əsl zamanıdır. Danışıqlar müharibəni dayandırmağın yeganə yoludur.

Xanım və cənablar, müharibə dönüş nöqtəsindədir. Müharibənin yaratdığı böhran öz mənfi geosiyasi nəticələri ilə Avropadan uzaqlara da təsir edəcəkdir. Çünki dünyada iqlim böhranı var və pandemiya hələ də bitməyib. BMT qlobal sülh, təhlükəsizlik, insan haqları və inkişafın dayağıdır. BMT üzv dövlətlərə qeyri-bərabərliyi aradan qaldırmaq və etimad üzərində əməkdaşlıq qurmağı, həmçinin sülh üçün yeni gündəlik yaratmağı təklif edir. Bu gündəlikdə isə əsas yer azlıqlar daxil olmaqla, cəmiyyətin zəif və həssas qruplarına verilməlidir. BMT dinindən, inancından, irqindən, milliyyətindən, yaşından, cinsi mənsubiyyətindən və ya əlilliyindən asılı olmayaraq, bütün insanlara bərabərhüquqlu olduğunu bəyan edir və bu hüquqları qoruyur.

Biz, həmçinin münaqişələrin qarşısının alınmasına yatırım etməliyik. Bu, eyni zamanda, müxtəlifliyi qəbul etməyi və qarşılıqlı hörmət, etimad və həmrəyliyi dəstəkləmək deməkdir. Bu dəyərlər BMT-nin Sivilizasiyalar Alyansının ən vacib prinsiplərindəndir. Biz qətiyyətlə inanırıq ki, davamlı sülh həyat tərzi olaraq qəbul edilməlidir və bu prosesə birdəfəlik addım kimi yox, daimi baxılmalıdır. İrqindən, dinindən, millətindən, inamından və ya cinsindən asılı olmayaraq, sülhdən yaranan qarşılıqlı hörmət olmalıdır.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dəyərli fəaliyyətində uğurlar arzu edirəm. Sizin fəaliyyətiniz dialoqun təşviqinə, millətlər və mədəniyyətlər arasında anlayış körpülərinin salınmasına xidmət edir. Mən, həmçinin Qəyyumlar Şurasına sülhə verdikləri dəstəyə görə minnətdaram. Ümidvaram ki, əməkdaşlığımız daha da güclənəcək. Sizə minnətdaram və səmərəli dialoq arzulayıram”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.