İDMAN
Mik Benet: Neftçi Futbol Akademiyasında gördüklərimdən məmnunam
Bakı, 22 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
“Neftçi” Futbol Akademiyasının yeni direktoru Mik Benetin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimatdan sonra “Neftçi TV”-yə açıqlama verən M.Benet akademiyada olduğu bir həftə ərzində gördüklərindən məmnun qaldığını deyib. “Yeni bazamız fantastik olacaq. Ümid edirəm ki, gələn ilin yayına qədər baza hazır olar. Gördüyüm komandalar, futbolçular və məşqçilər çox yaxşıdır. Mənim işim onların səviyyəsini daha da yüksəltməkdir. Onlar öz üzərində işləməlidirlər. Bunun üçün onların gözəl təməli var. Həmçinin gələcəkdə daha da inkişaf edə biləcək futbolçularımız var. Biz isə həm onlara, həm də məşqçilərə lazım olan bilikləri verməliyik. Yeni bazada işləməliyik. Şadam ki, bu işə hamı hazırdır”, - deyə M.Benet qeyd edib.
İngilis mütəxəssis vurğulayıb ki, Azərbaycan futbolçuları işlərinə böyük maraq və sevgi ilə yanaşırlar. Texniki baxımdan futbolçular inkişaf etməlidir. Bu isə artıq bizim, yəni, mənim və məşqçilərimizin işidir. Fikrimcə, ən vacib məqam məşqçilərin öz futbolçularının texnikasını inkişaf etdirmək üçün hazır olmasıdır. Bu, bir-iki günün işi deyil, amma iki-üç ilə bizim futbolçularımızın texnikası mütləq artacaq. Ona görə də uşaqlardan başlamalıyıq.