İQTİSADİYYAT


Mikayıl Cabbarov: Vergilər Nazirliyi qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır

Bakı, 17 aprel, AZƏRTAC

Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır.

AZƏRTAC xəbər verir ki, bunu aprelin 17-də “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə “Tvinninq” layihəsinin açılış mərasimində vergilər naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi sisteminin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir. Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlərdəndir.

Tədbirdə çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planları barədə məlumat verib.

Vurğulanıb ki, Azərbaycanda onlarla “Tvinninq” layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir. “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə “Tvinninq” layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaq.

Tədbirdə Yunanıstanın Azərbaycan Respublikasındakı səfiri Nikolaos Kanellos, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndəsi Elisavet Adamantidou, həmçinin “Tvinninq” layihəsinin rezident müşavirləri və layihə rəhbərləri çıxış ediblər.

Layihə ilə bağlı təqdimatda bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Tvinninq” layihəsi transfer qiymətləndirməsinə dair qanunvericiliyin və praktiki məsələlərin inzibatçılığı, habelə transfer qiymətləndirməsi üzrə auditin tətbiqi və icra edilməsi sahələrində Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsini öyrənməyə və gələcəkdə mövcud qaydaların daha da təkmilləşdirilməsinin təmin olunmasına xidmət edəcək. Layihənin məqsədi transfer qiymətləndirməsi sahəsində audit prosesləri üçün effektiv resursların yaradılması və səmərəli auditin tətbiqi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək verilməsidir.

Layihə üzrə 3 əsas nəticənin əldə olunması qarşıya məqsəd qoyulub. Bu məqsədlərə transfer qiymətləndirməsi sahəsində qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması, transfer qiymətləndirməsi üzrə inzibati nəzarət mexanizmlərinin yaradılması və bu sahədə Vergilər Nazirliyinin institusional potensialının artırılması daxildir.

Nəzərə çatdırılıb ki, müxtəlif vergitutma qaydaları olan ölkələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin apardıqları kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması üçün ən yaxşı mexanizmlərdən biri transfer qiymətlərinə nəzarətdir. Transfer qiymətinin tətbiqinin məqsədi bir-biri ilə qarşılıqlı əlaqəli şəxslər tərəfindən həyata keçirilən əməliyyatların bazar qiymətləri prinsipinə uyğun aparılmasına nəzarət etmək və vergitutma bazasının azaldılmasının qarşısını almaqdır.

Tədbirdə Avropa İttifaqının və müxtəlif ölkələrin səfirləri, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, digər dövlət qurumlarının, Yunanıstan Milli gəlirlər üzrə müstəqil orqanının, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndələri, ölkəmizdə həyata keçirilən digər “Tvinninq” layihələrinin rezident “Tvinninq” müşavirləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.