REGİONLAR
Mikayıl Cəfərzadə: Bu gün hər birimiz müsəlləh əsgərik
Lənkəran, 15 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 14-də gecə saatlarında Bakı şəhərində xalqımızın Azərbaycan Ordusuna dəstək yürüşü xalq-iqtidar və ordu birliyinin bariz ifadəsidir. Lakin bəzi məkrli qüvvələrin vətənpərvər gənclərimizin ordumuza və əsgərlərimizə mənəvi dəstək yürüşündən öz çirkin məqsədləri üçün istifadə cəhdlərinin müşahidə edilməsi təəssüf doğurur.
Bu sözləri Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibədə bildirib.
Yürüşün keçirildiyi zaman ictimai asayişi pozmaq cəhdləri bir qrup insanların ölkəmizdə sabitliyə zərbə vurmaq, xalq həmrəyliyinə kölgə salmaq arzusu, mahiyyətcə düşmən dəyirmanına su tökmək kimi dəyərləndirən idarə rəisi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən döyüşçülərimizin göstərdiyi şücaətin gənclər tərəfindən qürur hissi ilə qarşılandığını bildirib.
M.Cəfərzadə daha sonra deyib: “Bu gün hər birimiz müsəlləh əsgərik. Lazım gələrsə Vətənimiz qarşısında müqəddəs borcumuzu yerinə yetirməyə hazır olmalıyıq. Bu səbəbdən həmrəy olub, Ali Baş Komandanın əmrini gözləməli, heç bir təxribata yol verməməliyik.
Biz, lənkəranlı gənclər, vətəndaşlarımızı, o cümlədən gənclərimizi heç bir təxribata uymamağa çağırır, əsgərlərimizin düşmənin hücumlarının qarşısının alıb onlara sarsıdıcı zərbələr endirdiyi həssas məqamda həmrəylik nümayiş etdirərək dövlətimiz və Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşməyə dəvət edirik”.