ELM VƏ TƏHSİL


Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilən elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mikayıl Müşfiqin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoyub, nakam şairin xatirəsini hörmətlə anıblar.

Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb. İ.Həbibbəyli deyib: “Mikayıl Müşfiq XX əsrdə yaranan və inkişaf etməkdə olan poeziyanın qüdrətli nümayəndələrindən biridir. O, qısa ömründə Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”.

Qeyd olunub ki, Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Bu nümunələr Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirib. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.

Sonra Ədəbiyyat İnstitutu əməkdaşlarının “Milli poetik sistemin təkamülündə Mikayıl Müşfiqin rolu”, “Milli azadlıq carçısı Mikayıl Müşfiq”, “Müşfiq poeziyasında uşaq dünyası”, “Səməd Vurğun və Mikayıl Müşfiq”, “Mikayıl Müşfiqin poema yaradıcılığı” mövzularında məruzələri dinlənilib.

Ədəbiyyatşünas alimlər görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar. Vurğulanıb ki, Müşfiqin yaratdığı solmaz sənət inciləri yaddaşlara əbədi həkk olunub. Onun yaşlı nəsillə yanaşı, gənclər arasında da dillər əzbəri olan şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.