REGİONLAR


Mikayıl Müşfiq Azərbaycan poeziyasında lirik-epik janrın ən mükəmməl nümunələrini yaradıb

Naxçıvan, 3 dekabr, AZƏRTAC

Dərin lirizmə malik Mikayıl Müşfiqin əsərlərinin əsas keyfiyyəti forma yeniliyi, məzmun genişliyi, romantik əhval-ruhiyyə və yüksək həyat eşqidir. Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbirin ümummilli liderimiz Heydər Əliyev tərəfindən repressiya qurbanlarına əbədi ehtiram nümunəsi kimi Naxçıvan şəhərində ucaldılan Hüseyn Cavid məqbərəsi önündə keçirilməsi milli-mənəvi irsimizə, ədəbiyyatımıza qayğının davamı kimi böyük məna daşıyır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə “Cabir Novruz” Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Mikayıl Müşfiqin 110 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev tərəfindən səsləndirilib.

Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstələri qoyub, Heydər Əliyev muzeyini ziyarət ediblər.

Asim Əliyev görkəmli şairin 110 illiyinin qeyd edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 may tarixli Sərəncamının əhəmiyyətindən danışıb, ölkəmizdə ədəbiyyata, şair və yazıçıların yaradıcılığına göstərilən dövlət qayğısından bəhs edib.

Qeyd olunub ki, hər bir şairin adının yaşaması onun əsərlərinin taleyi ilə bağlıdır. Həyatda az və yaxud çox yaşamasından asılı olmayaraq əsl şairin, əsl sənətkarın ikinci ömrü ölümündən sonra başlayır. Qədim Naxçıvan torpağında anadan olmasının 110 illiyi qeyd olunan nakam taleli şairimiz Mikayıl Müşfiq ömrünün və yaradıcılığının çiçəklənən dövründə sovet imperiyasının repressiya qurbanlarından birinə çevrilsə də, ölümündən 80 il keçməsinə baxmayaraq, xalqımız bu gün də onu tükənməz məhəbbətlə sevir və sevəcək.

“Cabir Novruz” Mədəniyyət Fondunun nümayəndəsi, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə çıxışında vurğulayıb ki, Müşfiq Azərbaycan xalqı üçün əsl sənət xəzinəsi yadigar qoyub. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Qafar Əsgərzadə bu tədbirin Naxçıvanda keçirilməsinə şərait yaratdığı üçün “Cabir Novruz” Mədəniyyət Fondu adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Sonra filologiya elmləri doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimli “Mikayıl Müşfiq poeziyası ədəbi-tarixi yaddaş işığında”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Gənc şairin böyük sənətkarlığı” mövzularında, “Cabir Novruz” Mədəniyyət Fondunun nümayəndəsi, Əməkdar müəllim Nəcməddin Mürvətov və Mikayıl Müşfiqin yaxın qohumu Vahab İsmayılzadə çıxış edib, şairin şeirlərindən nümunələr səsləndiriblər.

Sonda kompozisiya göstərilib. Kompozisiyada Əhməd Cavad obrazını Xalq artisti Nurəddin Mehdixanlı, Müşfiq obrazını gənc aktyor Toğrul Rza, Hüseyn Cavid obrazını Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Xalq artisti Həsən Ağasoy ifa ediblər.

Azərbaycan Respublikasının Əməkdar artisti Rəşad İlyasovun ifasında musiqi nömrələri səsləndirilib.

Tədbir iştirakçıları Hüseyn Cavidin ev-muzeyini də ziyarət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.