REGİONLAR
Mikayıl Müşfiq qəlbimizdə 30 yaşlı çılğın gənc kimi qalacaq VİDEO
Xaçmaz, 21 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 21-də Xaçmazda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin 110 illik yubileyi ilə əlaqədar konsert təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi, Xaçmaz Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölməz şairin həyat və yaradıcılığı haqqında danışılıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açılıb.
Konsert Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən reallaşıb.
Bildirilib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
Müşfiq 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. 1902-ci ildə Xızıdan Bakıya köçən atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb.
Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib.
Çıxış edənlər ölməz şairin həyatından, onun yaradıcılığından danışaraq bildiriblər ki, Müşfiq ədəbiyyat tariximizdə, hamımızın qəlbində 30 yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Onun dillər əzbəri olan məhəbbət nəğmələrində xalq poeziyasına olan bağlılığı, əsl vətəndaş kimi Azərbaycanımızı böyük məhəbbətlə sevməsi açıq-aydın duyulur.
Konsert proqramında rayonun incəsənət nümayəndələri şairin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər.