MƏDƏNİYYƏT


Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyi Abdulla Şaiqin mənzil-muzeyində qeyd edilib

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə noyabrın 27-də Abdulla Şaiqin mənzil-muzeyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin imzaladığı “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.

Tədbirdə muzeyin direktoru Ülkər Talıbzadə, filologiya üzrə fəlsəfə doktoru Lütfiyyə Əsgərzadə, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova, sənətşünaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıblar.

Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsi yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Onun poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.

Diqqətə çatdırıb ki, məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Tədbirdə 54 saylı məktəbin şagirdləri Mikayıl Müşfiqin yaradıcılığı ilə bağlı bədii hissə təqdim ediblər. Şagirdlərin ifasında təqdim olunan “Yenə o bağ olaydı”, “Küləklər”, “Oxu tar” və başqa şeirləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.