MƏDƏNİYYƏT
Mikayıl Müşfiqin xatirəsi yad edilib
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Yasamal Rayon İcra Hakimiyyəti və Cəfər Cabbarlı Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan “Əbədiyyət nəğməsi” adlı poeziya günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə şair Müşfiq Cabiroğlu XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova Sərəncamın əhəmiyyətini vurğulayıb. O, ölməz və həmişəcavan Müşfiqin daim ürəklərdə yaşayacağını, onun yaratdığı solmaz sənət incilərinin yaddaşlara əbədi həkk olunduğunu söyləyib.
Çıxış edənlər Mikayıl Müşfiqin şeirlərini söyləyərək poeziya gününə rəng qatıblar.
Yubiley tədbiri nakam şair Mikayıl Müşfiqin ata ocağında - Xızı rayonunun Sayadlı kəndində davam etdirilib.