CƏMİYYƏT
Mikroavtobusdan oğurluq edən keçmiş məhkum saxlanılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 16-da Ağdaş rayonu Ləki qəsəbə sakini Gülnar Mollayeva Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq yaşadığı rayondan Bakıya gedərkən Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində mikroavtobusun yük hissəsində olan ona məxsus çantadan ümumi dəyəri 5 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Həsrət Bəkirov Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. H.Bəkirov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanan qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.