ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutu 2019-cu ildəki elmi fəaliyyəti ilə bağlı hesabat verib
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun 2019-cu ildəki elmi fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Sonra institut direktorunun müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov hesabat məruzəsi ilə çıxış edib. O, ölkə başçısının müvafiq fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar institutda görülən işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə “2017-2020-ci illər üçün Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı” çərçivəsində AMEA-ya tapşırılmış işlərin icrasının təmin edilməsində institut fəal iştirak edib. Hesabat dövründə “Göbələklərdən qida, yem və tibbi təyinatlı bioloji aktiv maddələrin produsentləri kimi istifadənin eko-biotexnoloji əsasları” problemi üzrə 3 mövzu əsasında tədqiqatlar aparılıb. Habelə iki problem, yeddi mövzunu əhatə edən 10 işin 22 mərhələsi tamamlanıb və nəzərdə tutulan iş həcmi tam yerinə yetirilib. Aparılan işlərin ümumi məqsədi Azərbaycanın müxtəlif ərazilərində olan su, torpaq və meşə ekosistemlərinin müasir vəziyyətinin mikrobioloji və mikoloji aspektlərdə qiymətləndirilməsinə həsr edilib. İnstitutda üç şöbə və yeddi laboratoriya fəaliyyət göstərir. Hesabat ilində AMEA-nın prioritet istiqamətlər üzrə elan etdiyi innovativ layihələrdə institutun əməkdaşları fəal iştirak ediblər. İnstitut əvvəlki illərdə bağlanmış müqavilələr çərçivəsində Ukrayna Elmlər Akademiyasının Mikrobiologiya və Virusologiya İnstitutu ilə əməkdaşlıq edib.
Pənah Muradov qeyd edib ki, cari ildə institut əməkdaşlarının 68 elmi əsəri çap olunub. Onlardan 40–ı elmi məqalə, 2-si kitab, digərləri isə konfrans materialları və tezislərdir. İyirmi səkkiz məqalə, bir monoqrafiya və on tezis xaricdə dərc edilib. Dərc edilən məqalələrdən ikisi “Web of Science”, biri “Scopus”, onu “İndex Copernicus İnternational”, ikisi “IRİNS”, yeddisi isə digər beynəlxalq bazalara daxil olan nəşrlərdə dərc edilib.
Sonra iclasda hesabatla bağlı müzakirələr aparılıb. Zeynal Əkbərov gələcəkdə institutun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Mikrobiologiya İnstitutunun 2019-cu ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.