ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutu elmi-tədqiqat proqramları respublika müsabiqəsinin qalibləri sırasında
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarına əsasən, 2018-2020-ci illər üçün elmi-tədqiqat proqramlarının işlənilməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi keçirilib. AMEA-nın Mikrobiologiya İnstitutu bu müsabiqənin qalibləri sırasındadır.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, proqramlar hazırlandığı zaman dünyada elmin, texnologiyaların inkişaf meyilləri nəzərə alınıb, ölkənin sosial-iqtisadi və mədəni inkişafına, onun müdafiə qüdrətinin artırılmasına yönəlməsi nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, elmi-tədqiqat proqramlarının rəhbərləri yalnız AMEA-nın həqiqi və müxbir üzvləri olmalıdır.
Mikrobiologiya İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun nəzarəti altında artıq bu elm müəssisəsinin əməkdaşları tərəfindən tədqiqatlara başlanılıb. “Yeni fizioloji aktiv maddələrin sintezi və tədqiqi” mövzusunu əhatə edən proqram AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası, akademik A.Qarayev adına Fiziologiya, Molekulyar Biologiya və Biotexnologiyalar institutları ilə birgə yerinə yetiriləcək.
Kompleks elmi-tədqiqat proqramları üzrə layihələr 2018-2020-ci illərdə maliyyələşdiriləcək. Layihədə maliyyə və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq ezamiyyətlər yolu ilə elmi kadr hazırlığı da nəzərdə tutulub.