ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutu əməkdaşının rəhbərliyi ilə yerinə yetirilən layihə qaliblər sırasında
Bakı, 18 fevral, AZƏRTAC
“Sabahın alimləri“ VIII Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə ikinci yerə paytaxt məktəblisi Kamil Məhərrəmov layiq görülüb. Layihə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun mikrobioloji biotexnologiya laboratoriyasının müdiri Könül Baxşəliyevanın rəhbərliyi ilə yerinə yetirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Kamil Məhərrəmov bu mükafata “Geniş spektrli göbələk mənşəli biopreparatların alınması” layihəsinə görə layiq görülüb.
“Sabahın alimləri” Respublika müsabiqəsinə təqdim olunan layihələrin elm müəssisələrində alimlərin rəhbərliyi ilə aparılması şagirdlərin inkişafında mühüm rol oynayacaq. Müsabiqənin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq bacarığı ilə yanaşı, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaqdır.