ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutu əməkdaşlarının elmi işlərinə il ərzində 79 istinad edilib
Bakı, 7 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda iki problem və yeddi mövzu üzrə yeddi iş 14 mərhələdə yerinə yetirilib.
Bunu Mikrobiologiya İnstitutunun Elmi şurasının 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunan hesabat iclasında institutun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov söyləyib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. P.Muradov bildirib ki, hesabat dövründə yerinə yetirilən mövzular üzrə tədqiqatlar Azərbaycan Respublikasının müxtəlif, o cümlədən işğaldan azad olunmuş ərazilərindəki su, torpaq və meşə ekosistemlərinin mikro və mikobiotasının müxtəlif aspektlərdə qiymətləndirilməsinə həsr edilib. Hesabat ilində institut əməkdaşlarının 72 elmi əsəri, o cümlədən 4 kitab və monoqrafiya (1-i xaricdə), 18 məqalə (16-sı xaricdə), 46 tezis (8-i xaricdə) dərc edilib. Məqalələrin 4-ü “Web of Science” bazasına daxil olan jurnallarda dərc edilib. Əməkdaşların elmi işlərinə 79 istinad edilib.