Mikrobiologiya İnstitutu illik hesabat verib
AzerTAg.az

Bakı, 13 dekabr, AZƏRTAC
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Mikrobiologiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti, BTEB-nin Elmi şurasının sədri akademik İradə Hüseynova açaraq tədbirin Mikrobiologiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunduğunu söyləyib.
Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verib. O, hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nın 2-4-cü bəndinə müvafiq olaraq, institutun “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın hazırlanması işində fəal iştirak etdiyini söyləyib.
Diqqətə çatdırılıb ki, 2021-ci ilin mövzu planına uyğun olaraq institutda 2 problem və 8 mövzu üzrə 9 iş 19 mərhələdə yerinə yetirilib. Hesabat dövründə yerinə yetirilən mövzular üzrə tədqiqatlar Azərbaycan Respublikasının müxtəlif, o cümlədən işğaldan azad olunmuş ərazilərindəki su, torpaq və meşə ekosistemlərinin, eləcə də qapalı mühitlərin mikro və mikobiotasının müxtəlif aspektlərdə qiymətləndirilməsinə həsr edilib. Hesabat dövründə Mikrobiologiya İnstitutunda bir neçə təşkilatla təsərrüfat hesablı müqavilə əsasında tədqiqatlar aparılıb. İnstitut Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə “Pomidor və xiyar sortlarının istixana üçün yüksək məhsuldar, əsas xəstəliklərə davamlı nümunələrinin seçilməsi və onların becərilməsi üçün innovativ metodların işlənib hazırlanması” mövzusunda layihə həyata keçirib.
Pənah Muradov hesabat ilində institut əməkdaşlarının 47 elmi əsərinin dərc olunduğunu bildirib. Vurğulanıb ki, onlardan 32-si elmi məqalə, 1-i kitab, qalanları isə konfrans materialı və tezisdir. 26 elmi məqalə (9-u yüksək indeksli jurnallarda), 1 kitab və 6 tezis xaricdə dərc edilib. Ümumilikdə elmi işçilərin əsərlərinə hesabat ilində 68 istinad edilib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb, iştirakçılar hesabata münasibətlərini bildiriblər.
Akademik İradə Hüseynova əldə edilən elmi nəticələri və elmi-təşkilati fəaliyyəti qənaətbəxş qiymətləndirərək, tapşırıq və tövsiyələrini verib.
Xəbərin mətnində orfoqrafik səhv var