ELM VƏ TƏHSİL
Mikrobiologiya elminə dəyərli töhfə
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun torpaq mikrobiologiyası laboratoriyasının müdiri Samirə Nəcəfova və həmin laboratoriyanın baş elmi işçisi, professor Nəriman İsmayılovun həmmüəllifi olduqları “Bakı şəhərinin torpaq örtüyünün ekoloji vəziyyəti və onun yaxşılaşdırılması yolları” monoqrafiyası rus dilində çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, yeni nəşrdə iri neft və qaz hasilatı, maşınqayırma, metallurgiya sənaye kompleksi olan Bakı şəhərinin torpaqlarının ekoloji vəziyyətinin qiymətləndirilməsi aparılıb, ikincili regional bioresurslardan istifadə edilərək onların bioloji xüsusiyyətlərinin yaxşılaşdırılması yolları göstərilib.
Kitabın rəyçiləri akademik Məhərrəm Babayev və AMEA-nın müxbir üzvü Amin İsmayılovdur.
Monoqrafiya ətraf mühitin mühafizəsi məsələləri ilə məşğul olan, eyni zamanda, şəhər ərazilərinin rekultivasiyası və yaşıllaşdırma layihələrini hazırlayan mütəxəssislər, mikrobioloq, torpaqşünas və ekoloq alimlər üçün nəzərdə tutulub.