ELM VƏ TƏHSİL
Mikrobioloq alimin kənd təsərrüfatına töhfəsi
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Göbələk mənşəli bioloji aktiv maddələr: produsentlər, sintezi, tətbiq sahələri və perspektivləri” mövzusunda tədqiqatlarının nəticələrini təqdim edib. Məruzə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Bu istiqamətdə tədqiqatların davam etdirilməsi və nəticələrin AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) ilə birgə istehsalata tətbiqi üçün tədbirlər görülməsi məqsədəuyğun hesab olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, aparılan tədqiqatlar nəticəsində bioloji aktiv maddələrlə zəngin “MBB-77” yem əlavəsi əldə olunub və onun istehsalata tətbiqi mümkün hesab edilib. AMEA YTP-nin “Elm günü” ilə bağlı keçirdiyi müsabiqədə “İnnovativ məhsul” nominasiyasında birinci yeri tutan “MBB-77” yem əlavəsinin heyvandarlıq və quşçuluq sahəsində tətbiq edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Mikrobiologiya İnstitutu yem əlavəsindən 3 kiloqram hazırlayaraq YTP-nin nümayəndələrinin iştirakı ilə Baytarlıq Elmi-Tədqiqat İnstitutuna təqdim edib. Məhsul Mikrobiologiya İnstitutu tərəfindən hazırlanan reqlamentə müvafiq müəyyən edilən fermer təsərrüfatında iribaşlı mal-qara və toyuqlar üzərində 30 gün müddətində sınaqdan keçirilib. Yem əlavəsinin iribuynuzlu mal-qarada südün miqdarının artmasına, toyuqlarda isə yumurtlamaya müsbət təsiri müəyyənləşib. Belə ki, 2,52 kiloqram yem əlavəsinin istifadəsi daha 270 litr süd və 120 ədəd yumurta əldə edilməsinə imkan verib. Yem əlavəsinin tətbiqi nəticəsində əldə edilən məhsullar əsas göstəricilərinə görə də analiz edilib və onların tələblərə cavab verməsi müəyyənləşib.
Ölkəmizdə tətbiqi mikrobiologiya sahəsində yeganə elmi-tədqiqat müəssisəsi olan Mikrobiologiya İnstitutunda hazırlanan yem əlavəsi kənd təsərrüfatı məhsullarının istehsalında faydalı olmaqla yanaşı, təcrübi yönümlü tədqiqatlara diqqətin artırılmasının zəruriliyini bir daha qeyd etməyə imkan verir.