İQTİSADİYYAT
Mikromaliyyə Assosiasiyasına üzv Bank Olmayan Kredit Təşkilatları üçün təlim keçiriləcək
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 12-də Azərbaycan Mərkəzi Bankı, Bakı Fond Birjası (BFB), “ABB İnvest” şirkəti tərəfindən Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA-ya) üzv olan Bank Olmayan Kredit Təşkilatları (BOKT-lar) üçün “Listinqlə bağlı yeniliklər, Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn təlim keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcək. Tədbirin əsas məqsədi mikromaliyyə sahəsində yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək, Bakı Fond Birjasında qiymətli kağızların listinqdə saxlanılması üstünlüklərini çatdırmaqdır. Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və Bakı Fond Birjasında listinqə təşviq edilməsi məqsədilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.
Qeyd edək ki, AMFA sentyabrın 13-dən Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına tərəfdaş qismində qoşulub.