REGİONLAR


Mil-Muğan Hidroqovşağı 5 rayonda əkin sahələrinə xidmət edir VİDEO

Bakı, 15 iyul, AZƏRTAC

Mil-Muğan Hidroqovşağı 5 rayonda əkin sahələrinə xidmət edir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi Azərbaycan Respublikası və İran İslam Respublikası ərazisində yerləşən 120 min hektar ərazinin suvarılmasına xidmət göstərir. Hidroqovşaq 1972-ci ildən bu günə qədər fəaliyyətini uğurla davam etdirir. İdarənin balansında olan əkin sahələrinin suvarılması üçün 3 kanaldan istifadə olunur. Bunlar Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanallarıdır. Suvarma kanallarında mütəmadi olaraq lildən təmizlənmə işləri aparılır. Suvarmada böyük rola malik olan Baş-Mil kanalının uzunluğu 37,2 kilometr, hazırkı sugötürmə qabiliyyəti isə 80 kubmetrdir. Kanal Füzuli və Beyləqan rayonları ərazisindən keçir. Bu kanaldan Yuxarı-Mil və Yeni Xanqızı kanalları ayrılır. Yuxarı-Mil kanalı Füzuli, Xocavənd və Ağcabədi rayonlarının torpaq sahələrini su ilə təmin edir. Yeni Xanqızı kanalı isə Beyləqan və Ağcabədi rayonlarının əkin sahələrinin su təminatını yaxşılaşdırır.

Hazırda adıçəkilən kanallarda lildən təmizləmə işləri aparılır. Bu günə qədər kanallardan torpaq həcminə görə 60 min kubmetr lil çıxarılıb. Əllə isə 1000 kubmetr hidrotexniki qurğuların qarşısından çıxarılıb. İdarə tərəfindən 30 min kvadratmetr sahədə kol-kosdan təmizləmə işləri həyata keçirilib. Hidroqovşaq üzərində suyu vaxtında ərazilərə çatdırmaq üçün 6 ədəd seqmentvari qapı var ki, bu qapıların da hər birinin su buraxma qabiliyyəti 400 kubmetr saniyədir. Bundan başqa Hidroqovşaqdan ayrılan suyun enerjisindən Füzuli Su Elektrik Stansiyasının fəaliyyətində də istifadə olunur.

Qeyd edək ki, Hidroqovşaq Baş Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları vasitəsilə 5 rayona xidmət edir. Həmin rayonların ərazilərində hər il müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir və bol məhsul əldə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.