ELM VƏ TƏHSİL
Milan Politexnik Universitetinin prorektoru AzMİU-da mühazirə oxuyub
Bakı, 31 yanvar, AZƏRTAC
İtaliyanın Milan Politexnik Universitetinin prorektoru, UNESKO-nun eksperti, professor Federiko Buççi bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin müəllimləri və tələbələrinə mühazirə oxuyub.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, professor “1920-2000-ci illərdə Milanın memarlıq məktəbləri” adlı mühazirəsində görkəmli italyan memarlarının İtaliyada, habelə müxtəlif ölkələrdə müəllifi olduqları memarlıq nümunələrindən bəhs edib.
Mühazirədən sonra F.Buççi AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Rektor italiyalı professora müəllim və tələbə heyəti üçün hazırladığı mühazirəyə görə təşəkkürünü bildirib. O, Milan Politexnik Universiteti ilə əməkdaşlığın inkişafından razı qaldığını bildirib, bu əlaqələrin digər istiqamətlərdə (magistratura səviyyəsində ikili diplom, memarlıq abidələrinin bərpası, UNESKO kafedrasının yaradılmasına kömək və s.) də müsbət nəticələnəcəyinə ümidvar olduğunu söyləyib.
İtaliyalı alim universitetlər arasında əlaqələrin daha da inkişafı üçün əlindən gələni edəcəyini vurğulayıb.
Görüşün sonunda rektor Gülçöhrə Məmmədova dünyanın müxtəlif futbol klublarına məxsus əşyalardan ibarət kolleksiya toplayan F.Buççiyə “Qarabağ” futbol klubunun idman köynəyini və Qobustan Milli Tarix-Bədii Qoruğuna həsr olunmuş kitab hədiyyə edib.