İDMAN


“Milan” doqquz illik fasilədən sonra UEFA Çempionlar Liqasına vəsiqə qazana bilər

Bakı, 16 may, Nicat Məmmədov, AZƏRTAC

Mayın 16-da futbol üzrə İtaliya A Seriyasının 37-ci turu çərçivəsində digər görüşlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyun gününün ən maraqlı görüşü “San-Siro” stadionunda baş tutacaq. “Milan” klubu autsayder “Kalyari”ni qəbul etməsinə baxmayaraq, bu oyun Milan təmsilçiləri üçün böyük önəm kəsb edir. Belə ki, klub doqquz illik fasilədən sonra UEFA Çempionlar Liqasına vəsiqə qazana bilər. Bu vəsiqəni əldə etmək üçün milanlılar “Kalyari” klubunu mütləq məğlub etməlidirlər.

Hazırda turnir cədvəlində vəziyyət belədir: ötən gün beşinci yerdə qərarlaşan “Yuventus” klubu vaxtından əvvəl çempionluğunu təmin etmiş “İnter”i məğlub edərək xal ehtiyatını 75-ə çatdırıb. Turin təmsilçisi UEFA Çempionlar Liqasına vəsiqəni təmin edən dördüncü pilləyə ən azı bir günlük yüksəlib. Müvəqqəti beşinci pilləyə enən və aktivində 73 xal olan “Napoli” isə bu gün “Fiorentina” komandasının qonağı olacaq. Bu oyunda Neapol təmsilçisi səfər matçında qalib gələrək yenidən “Yuventus”u qabaqlamağa çalışacaq. “Yuventus” ilə eyni xala malik “Milan” isə şəxsi oyunlarda daha üstün olduğundan üçüncü pillədə qərarlaşıb.

“Milan” klubu sonuncu dəfə 2012-2013-cü il mövsümündə qitənin ən nüfuzlu klub turnirində iştirak edib. Milanlılar İtaliyanın dünyada ən titullu klub komandalarından biri və ən çox beynəlxalq kubok qazanmış futbol klubudur. 1963-cü ildə UEFA Çempionlar Liqasını qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin “Milan” UEFA Çempionlar Liqasının kubokunu öz muzeyində əbədi saxlamaq hüququna malik beş Avropa klubundan biridir. UEFA Super Kubokunu ən çox qazanmış iki klubdan biri (6 dəfə) olan “Milan” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı üçüncü futbol klubudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.