CƏMİYYƏT


Milix Yevdayev: Azərbaycan Prezidenti dini icmalara yüksək diqqət və qayğı göstərdiyini bir daha sübut etdi

Bakı, 12 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncamı dövlət başçısının ölkəmizdəki dini icmalara yüksək diqqət və qayğısının daha bir göstəricisidir. Bu gün Azərbaycan bütün dünyaya sübut edir ki, dini və mədəni müxtəlifliyin harmoniyasını əhatə edən bir cəmiyyət yaratmaq mümkündür. Bu məfkurə yaşamağa məhkumdur, bunun da bariz nümunəsi Azərbaycan Respublikasıdır.

Bu fikirləri Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev AZƏRTAC-a açıqlamasında bildirib.

İcma rəhbəri qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqlar eyni hüquqa malikdirlər. Dinindən, dilindən asılı olmayaraq onların hər biri Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşıdır. Digər xalqlar kimi, yəhudilər də əsrlərdir Azərbaycan xalqı ilə birgə mehribanlıq şəraitində yaşayırlar. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri üçün hər cür şərait yaradılıb. Biz Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş bütün hüquqlarımızdan tam şəkildə istifadə edə bilirik. Azərbaycan Prezidenti İlham Əliyev bütün əməlləri ilə hər bir vətəndaşın Prezidenti olduğunu dəfələrlə sübut edib. Biz hər zaman bunun şahidi oluruq. Biz bu gün Azərbaycanda dinc şəraitdə yaşayırıq. Bu sülh şəraitini təmin edən isə dövlətimizin başçısıdır.

Milix Yevdayev vurğulayıb ki, Azərbaycan Prezidentinin apardığı tolerant siyasət bir nümunədir. Prezidentin dini icmalar üçün ayırdığı maliyyə yardımı onların problemsiz fəaliyyəti baxımından böyük önəm kəsb edir. Dünyanın heç bir ölkəsində bu təcrübə mövcud deyil. Biz Azərbaycan Prezidentinə minnətdarıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.