İDMAN
Millətlər Liqası: Türkiyə millisi Rusiya seçməsini məğlub edib
Bakı, 15 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 15-də futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin V turu çərçivəsində növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraq doğuran görüşü "Şükrü Saracoğlu" stadionunda oynanılıb. Türkiyə millisi Rusiya seçməsini qəbul edib.
Oyunda hesabı ruslar açıb. Görüşün 11-ci dəqiqəsində Denis Çerışev fərqlənib - 0:1. Matçın 24-cü dəqiqəsində Rusiya millisi azlıqda qalıb. Qapıçı ilə təkbətək qalan Cenk Tosuna qarşı kobudluq edən Andrey Semenov qırmızı vərəq alaraq meydandan kənarlaşdırılıb.
Qoldan sonra irəli atılan “ay-ulduz”lar qarşılaşmanın 26-cı dəqiqəsində hesaba tarazlıq gətirib. Caner Erkinin cinah ötürməsindən sonra Kənan Karaman hamıdan tez topa yetişərək qapıda dəqiq baş zərbəsi endirib - 1:1.
Oyunun 32-ci dəqiqəsində Türkiyə millisi hesabda önə keçib. Cengiz Ünder baxımlı qola imza atıb - 2:1.
Fasiləyə komandalar Türkiyə millisinin üstünlüyü ilə yollanıb.
Qarşılaşmanın ikinci hissəsinin 52-ci dəqiqəsində oyunun baş hakimi Szymon Marçiniak Rusiya millisinin qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Türkiyə millisinin kapitanı Cenk Tosun dəqiq olub - 3:1.
Matçın 57-ci dəqiqəsində ruslar hesab arasındakı fərqi bir topa endirib. Daler Kuzayev adını tabloya yazdırıb.
Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Bu qələbədən sonra xal ehtiyatını 6-ya çatdıran Türkiyə üçüncü, Rusiya seçməsi isə 8 xalla birinci yerdə qərarlaşıb.
B liqasının 3-cü qrupunun digər görüşü Macarıstan və Serbiya yığmaları arasında baş tutacaq. Həmin görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qrupun son turunda Türkiyə millisi Macarıstan yığmasının, Rusiya isə Serbiya seçməsinin qonağı olacaq. Görüşlər noyabrın 18-də baş tutacaq.