CƏMİYYƏT


Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Aran bölgəsində çoxsaylı görüşlər keçirmişdir

Bakı, 5 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla ölkənin Aran bölgəsinə - Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Göyçay, Ağdaş və Yevlax rayonlarına səfər etmiş, bölgənin ziyalıları, dini icmaların üzvləri ilə çoxsaylı görüşlər keçirmişdir.

AZƏRTAC xəbər verir ki, Dövlət müşaviri səfər etdiyi hər bir rayonda ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, ictimaiyyət nümayəndələri və ziyalılarla görüşərək ölkə həyatının aktual məsələləri barədə ətraflı fikir mübadiləsi aparmışdır. Əsas diqqəti Azərbaycanın bugünkü inkişafının ideoloji dayağı olan azərbaycançılıq məfkurəsinə yönəldən Dövlət müşaviri Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil daxili və xarici siyasətin, dövlət-din münasibətlərinin prioritet istiqamətləri, eyni zamanda ölkədə ictimai-siyasi sabitliyin və hərtərəfli inkişafın təminatı, milli-mənəvi dəyərlərin qorunması, əhalinin maddi-mənəvi rifah halının yüksəldilməsi sahəsində görülən ardıcıl və məqsədyönlü fəaliyyət haqqında danışmışdır. Qeyd olunmuşdur ki, Prezidentin fərmanları ilə son bir ayda yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsəd və məramı əhalinin müxtəlif təbəqələri arasında maarifləndirmə işi aparmaq, müasir çağırışları insanlara çatdırmaq, ölkəmizdə yaşayan bütün xalqların sahib olduqları etnik-mədəni dəyərlərin qorunmasını təmin etməkdir.

Bölgədə fəaliyyət göstərən cümə məscidlərinə, ziyarətgahlara baş çəkən Dövlət müşaviri Kamal Abdulla yerli dini icma üzvləri və ağsaqqallarla səmimi söhbətlər aparmışdır. Bu görüş və müzakirələr zamanı yad dini-ideoloji təsirlərə, təfriqəçi təriqət və cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanmış, zəngin multikultural ənənələrin qorunub saxlanması və inkişafı, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah edilmişdir. Xüsusən gənc nəslin milli-mənəvi dəyərlər və vətənə sədaqət ruhunda tərbiyə olunmasında məscidlərin roluna və din xadimlərinin üzərinə düşən vəzifələrə diqqət yönəldilmişdir.

Dövlət müşaviri regionlara səfərləri və keçirdiyi görüşlərlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək demişdir: “Son aylar ölkənin cənub, şimal, şimal-qərb və qərb bölgələrində olmuşam. Hər dəfə bölgələrə səfər edərkən rayon və kəndlərimizdə böyük quruculuq və abadlıq işlərinin şahidi oluram. Ən önəmlisi isə insanlarımız arasında dövlətçilik dəyərlərinə bağlılığı, ictimai fəallığı, onların mənəviyyatında və təfəkküründə mütərəqqi yenilənməni görürəm. Dövlət öz vətəndaşının rahat həyatı üçün var qüvvəsi ilə çalışır. Xalqımız bunu görür və hər addımda dövlətin qayğı və diqqətini öz üzərində hiss edir. Bu gün Azərbaycanın hər bir bölgəsi həm iqtisadi, həm sosial, həm də mədəni baxımdan möhtəşəm inkişaf mərhələsini yaşayır, ölkəmiz millətlərarası və dinlərarası münasibətlər, multikultural ənənələr baxımından dünyaya öz ideal standartını təqdim edir. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin xalqa arxalanan siyasətinin və yorulmaz fəaliyyətinin nəticəsidir. Bir zamanlar ulu öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” sözləri bizim gözümüz önündə reallığa çevrilir. Bu müqəddəs işdə hər birimiz əsl vətəndaş məsuliyyəti ilə Prezidentə yardımçı olmalıyıq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.