QAN YADDAŞI


Milli Arxiv İdarəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

Bakı, 17 yanvar, AZƏRTAC

Yanvarın 17-də Milli Arxiv İdarəsində 20 Yanvar Faciəsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin müstəqilliyi uğurunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov çıxış edərək bildirib ki, tədbir “20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında” Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında təsdiq edilmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı”na uyğun olaraq, Milli Arxiv İdarəsi tərəfindən verilmiş müvafiq əmrə əsasən təşkil edilib.

Vurğulayıb ki, 1990-cı il yanvarın 20-də Bakıda törədilən və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. 20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpasında mühüm dönüş nöqtəsi olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz edildiyi, günahsız insanların qətlə yetirildiyi həmin gecədə 140-dan çox dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və qanunsuz olaraq həbs edilib. Dövlət əmlakına və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib.

Qeyd olunub ki, o zaman ümummilli lider Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edib. Bakıda törədilmiş cinayətlər haqqında həqiqətlərin ilk dəfə dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin bu qətiyyətli addımı mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edib.

Ulu Öndərin 20 Yanvar faciəsi haqqında verdiyi siyasi-hüquqi qiymət bu gün də Prezident İlham Əliyev tərəfindən bütün beynəlxalq tədbirlərdə Azərbaycanla bağlı qaldırılan məsələlərdə əldə rəhbər tutulur, faciənin hüquqi, siyasi nəticələri daim analiz edilir.

Vurğulanıb ki, qanlı 20 Yanvar faciəsi Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Tədbirdə çıxış edən İdarənin Sənədlərin istifadəsi və nəşr şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında hazırlanmış “Qanlı Yanvar, Şahid sənədlər” sənədli film-xronika haqqında məlumat verərək bildirib ki, filmdə sovet ordusunun xalqımıza qarşı həyata keçirdiyi qətliama dair görüntülər heç bir əlavə şərh olmadan, arxiv sənədlərinin nəşr qaydasına uyğun olaraq verilib. Sənədli filmdə ümummilli lider Heydər Əliyevin faciə haqqında fikirləri, çıxışları və digər məqamlar yer alıb.

Sonra “Qanlı Yanvar Şahid Sənədlər” adlı sənədli film-xronika nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.