MƏDƏNİYYƏT
Milli Arxiv İdarəsində bəstəkar Tofiq Quliyevin yaradıcılıq janrları üzrə müvafiq siyahı tərtib olunub
Bakı,6 iyul, AZƏRTAC
Görkəmli bəstəkar, Xalq Artisti, ictimai xadim Tofiq Quliyevin anadan olmasının 100 illiyi ilə bağlı Dövlət Səs Yazıları Arxivində mühafizə olunan arxiv sənədlərindən geniş istifadə olunur. Bu məqsədlə arxivdə bəstəkarın şəxsi fondunda mühafizə edilən səs və videosənədlər seçilərək hazırlanıb.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, bərpasına ehtiyac duyulan sənətkarın yaradıcılıq janrları üzrə müvafiq siyahı tərtib edilib. Siyahıya ümumilikdə 730 saxlama vahidi foto və videosənədlər daxil edilib.
Tofiq Quliyevin 100 illiyi münasibətilə müraciət edən qurumlara arxiv tərəfindən qanunvericilikdə müəyyən edilmiş əsaslarla arxiv sənədlərindən istifadə edilməsi üçün şərait yaradılmaqla yanaşı, aidiyyəti arxiv xidmətinin göstərilməsi lazımi şəkildə təmin edilib.