MƏDƏNİYYƏT
Milli Arxiv İdarəsində görülməsi nəzərdə tutulan tədbirlərin icrasına həsr olunmuş müşavirə keçirilib
Bakı, 28 yanvar, AZƏRTAC
Yanvarın 28-də Milli Arxiv İdarəsində 2020-ci ilin yekunlarına və 2021-ci ildə görülməsi nəzərdə tutulan tədbirlərin icrasına həsr olunmuş müşavirə keçirilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, müşavirədə İdarə rəhbərliyi, şöbə müdirləri və Respublika Dövlət Arxivlərinin rəhbərləri iştirak ediblər.
Müşavirəni giriş nitqi ilə açan Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası, ölkə ərazisində COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi şəraitində arxiv təşkilatlarının fəaliyyəti, habelə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən əldə edilən qələbə və Zəfər Günü ilə bağlı idarə və dövlət arxivləri tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Daha sonra İdarənin rəis müavini Həsən Həsənov, şöbə müdirləri və arxiv direktorları çıxış edərək arxiv işinin müxtəlif sahələri üzrə 2020-ci il ərzində görülmüş işlər və 2021-ci ildə planlaşdırılan tədbirlərə, mövcud problemlərə və onların həlli yollarına dair fikir bildiriblər.
Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini, müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən kənd, rayon və şəhərlərimizin yenidən qurulması işlərinin geniş vüsət almasını, həmçinin Zəfər Muzeyinin təşkil edilməsini nəzərə alaraq aidiyyəti dövlət qurumları ilə əlaqələrin koordinasiya edilməsi və qeyd edilən istiqamətlər üzrə idarə, o cümlədən dövlət arxivləri tərəfindən görüləcək müvafiq işlərin 2021-ci ilin tədbirlər planına daxil edilməsi qərara alınıb.
Tədbirin sonunda “Azərbaycan arxivi 100 il” tədbirlər planına uyğun olaraq Dövlət Tarix Arxivinin sənədləri əsasında hazırlanmış “Hacı Zeynalabdin Tağıyevin Azərbaycanda təhsilin inkişafında xeyriyyəçilik fəaliyyətindən bəzi səhifələr” adlı sənədlər toplusu və Dövlət Elm və Texnika Sənədləri Arxivinin sənədləri əsasında hazırlanmış “Hippokrat andı içənlər” adlı biblioqrafik göstəricinin təqdimatı olub.