MƏDƏNİYYƏT
Milli Arxiv İdarəsinin əməkdaşı beynəlxalq proqramda iştirak edib
Bakı, 22 sentyabr, AZƏRTAC
Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov Malayziya Milli Arxiv İdarəsinin təşkil etdiyi beynəlxalq proqramda iştirak edib.
Bu barədə AZƏRTAC-a Natiq Eminov özü məlumat verib.
Onun sözlərinə görə, Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP) çərçivəsində Malayziyanın Milli Arxiv İdarəsi tərəfindən “Elektron sənədlərin idarə olunması sistemləri: Malayziya Hökumətinin təcrübəsi” mövzusunda beynəlxalq təlim proqramı təşkil edilib. Beynəlxalq proqramda ölkəmizlə yanaşı, İndoneziya, Bruney, Meksika, Banqladeş, Kamboca, Laosdan olan nümayəndələr də iştirak edib. Beynəlxalq proqram çərçivəsində Malayziya Milli Arxiv İdarəsinin elektron sənədlərlə iş, kağız əsaslı arxiv sənədlərin elektron daşıyıcılara köçürülməsi, informasiya sistemlərinin təhlükəsizliyi, data mərkəzlər haqqında məruzələr dinlənilib, işin əyani nümayişi həyata keçirilib. Bundan başqa, Malayziyanın Xarici İşlər Nazirliyində, Malayziya İnzibati Modernləşdirmə və İdarəetmə, Planlaşdırma Birliyində (MAMPU), həmçinin bu ölkənin Milli Arxiv İdarəsinin müxtəlif struktur bölmələrində görüşlər keçirilib.