İQTİSADİYYAT
Milli Aviasiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bağlı tədbir təşkil edilib. Tədbirdə akademıyanın tələbələri iştirak edib.
Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildirilib ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünas Firəngiz Hüseynova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra muzeyin böyük elmi işçisi Rübabə Əbiyeva 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə dövlətçilik ənənələrinin bərpası baxımdan əhəmiyyəti, onun 23 aylıq fəaliyyəti dönəmində əldə olunmuş uğurlar və bu dövrdə aviasiya sahəsində aparılan işlər haqqında ətraflı məlumat verib.
Tələbələrə Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsasının, siyasi formatının formalaşdırılmasında və beynəlxalq aləmdə tanınmasında müstəsna xidmətlər göstərmiş M.Ə.Rəsulzadə, F.Xoyski, N.Yusifbəyli, Ə.Topçubaşov, X.Xasməmmədov, S.Mehmandarov, Ə.Şıxlinski, X.Sultanov, A.Səfikurdski, M.Cəfərov, H.Ağayev və başqa tarixi simaların siyasi əqidələrinə olan sadiqliyinin hər bir vətənpərvər üçün əsl örnək olduğu barədə geniş şəkildə danışılıb.
Tədbirdə “Cümhuriyyət tariximiz siyasi portretlərdə” adlı fotosərginin nümayişi də keçirilib.
Sonda tədbir iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal abidəsini ziyarət edib, önünə gül qoyublar.