İQTİSADİYYAT
Milli Aviasiya Akademiyasında “Azərbaycanda nəqliyyatın inkişaf problemləri” mövzusunda elmi-texniki tələbə konfransı keçirilir
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan Milli Aviasiya Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Azərbaycanda nəqliyyatın inkişaf problemləri” mövzusunda XXI elmi-texniki tələbə konfransı keçirilir.
Əvvəlcə müəllim heyəti və tələbələr akademiyanın ərazisindəki ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, akademiyanın akt zalında keçirilən tədbirin açılış mərasimində Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru, professor Afiq Həsənov konfrans barədə danışıb.
A.Həsənov bildirib ki, iki gün davam edəcək elmi-texniki konfrans çərçivəsində bu təhsil ocağının magistr və bakalavr tələbələri 10 bölmədə cəmləşən mövzular üzrə təqdimatla çıxış edəcəklər. “Azərbaycanda nəqliyyatın inkişaf problemləri” mövzusunda XXI elmi-texniki tələbə konfransında “Hava nəqliyyatının uçuş və texniki istismarı”, “Hava nəqliyyatının radio və elektron kommunikasiya istismarı”, “Nəqliyyatda təhlükəsizlik məsələləri”, “Nəqliyyatın təşkili və nəqliyyatda servis”, “Nəqliyyat sistemində iqtisadi məsələlər”, “Nəqliyyat sistemində hüquqi məsələlər”, “Aeronaviqasiya və avtomatik idarəetmə”, “Aviasiyada tətbiqi məsələlər”, “Aviasiyada informasiya texnologiyaları və proqram təminatı” və “Aviasiya meteorologiyası, ekologiya və iqlim aspektləri” mövzuları müzakirə olunacaq.
Sonra ulu öndər Heydər Əliyevin həyat yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində akademiyanın magistr və bakalavr dərəcəli tələbələri “Atmosfer optik kommunikasiya sistemi üçün eninə-impuls modulyatoru”, “Beynəlxalq daşımaların anlayışı, predmeti və problemləri”, “Azərbaycan Respublikasında hava məkanının azad marşrutlarının tətbiqi (FRA)”, “Avtonom yanacaqölçmə sistemi”, “Hava gəmisinin kütlə və mərkəzlənməsini təyin edən bort sistemlərinin əhəmiyyəti”, “Aviasiya QTM-nin texniki vəziyyətinin qiymətləndirilməsində Bayes teoreminin tətbiqi”, “Perspektiv təyyarələrinin şassi sistemlərinin kinematik analizi və təkmilləşdirilməsi”, “Helikopterin daşıyıcı vint pərlərinin aerodinamikasının təkmilləşdirilməsi” və bir sıra digər mövzularda təqdimatlarla çıxış ediblər.
İki gün davam edəcək “Azərbaycanda nəqliyyatın inkişaf problemləri” XXI elmi-texniki tələbə konfransı akademiyanın Tələbə Elmi Cəmiyyəti tərəfindən təşkil olunub.