CƏMİYYƏT
Milli Aviasiya Akademiyasında anım mərasimi keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA-da) anım mərasimi keçirilib. Əvvəlcə mərasim iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin büstünün və akademiyanın şəhid məzunlarının xatirə lövhəsinin qarşısına dərin hörmət və ehtiramla qərənfillər qoyulub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, Dövlət Himni səsləndirildikdən sonra mərasim iştirakçıları Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan MAA-nın tədris işləri üzrə prorektoru Ədalət Səmədov Azərbaycan Ordusunun 44 gün ərzində düşmən üzərində şanlı Qələbə qazanılmasında böyük xidmətləri olan şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edərək bu günün tariximizdə xüsusi rol oynadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ə.Səmədov çıxışının davamında akademiyanın şəhid məzunları İ.Mənəfov, F.Məmmədov, V.Məmmədov, Ş.Ağayev və X.Əliyevin əziz xatirəsini yad edərək onların hər birinin vətənpərvərliklərinin və qəhrəmanlıqlarının bütün gənclərə örnək olduğunu bildirib.
Daha sonra akademiyanın “İqtisadiyyat və Hüquq” fakültəsinin məzunu, İkinci Qarabağ müharibəsi iştirakçısı İlham Hacızadə öz döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirin davamında akademiyanın nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyinin böyük elmi işçisi Rübabə Əbiyeva Qarabağda həyata keçirilən erməni cinayətlərinin tarixi haqqında məlumat verib, muzeydə akademiyanın Qarabağ uğrunda gedən döyüşlərdə (İkinci Qarabağ müharibəsi) şəhid düşmüş və iştirak etmiş məzunları, əməkdaşları ilə bağlı materiallardan ibarət “Qarabağ müharibəsi fondunun” yaradılmasının əhəmiyyətindən danışıb.
Sonda muzeyin fond materialları əsasında akademiyanın şəhid məzunlarına həsr edilmiş videoçarxın və fotosərginin nümayişi ilə tədbir yekunlaşıb.