CƏMİYYƏT
Milli Aviasiya Akademiyasının şəhid məzunu yad edilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da İkinci Qarabağ müharibəsi iştirakçısı, Milli Aviasiya Akademiyasının məzunu, şəhid Şahin Azər oğlu Ağayevin ildönümü ilə bağlı mərasim keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, mərasimdə Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti, əməkdaşları iştirak ediblər. Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra şəhidin məzarı ziyarət olunub, əklil qoyulub, ruhuna dualar oxunub. Mərasimdə çıxış edən MAA-nın elmi katibi Xəqani Abdullayev akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, onlara Allahdan səbir diləyib.
Şahin Azər oğlu Ağayev Füzuli, Cəbrayıl və Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, 2020-ci ildə oktyabrın 26-da Qubadlı istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şahin Ağayev ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.